Robot itlər, raket buraxılış qurğuları, PUA-lar...| ABŞ 2023-cü il oktyabrın 7-dən etibarən İsrailə nə qədər pul xərcləyib?

2025/01/1736762500.jpg
Oxunub: 1188     15:23     13 Yanvar 2025    
ABŞ administrasiyası İsrailin 2023-cü il oktyabrın 7-də Qəzza zolağında HƏMAS-a cavab olaraq başlatdığı, sonradan Livan və Suriyaya qədər uzanan hərbi əməliyyatlarına dəstək olaraq indiyədək 22 milyard dollardan çox birbaşa hərbi yardım və əməliyyat dəstəyi göstərib.

İsrailin ən böyük dəstəkçisi olan ABŞ administrasiyası 1946-2023-cü illər arasında Təl-Əvivə 158 milyard dollardan çox iqtisadi və hərbi yardım edib. ABŞ-nin hər zaman ən çox hərbi dəstək verdiyi ölkələr arasında İsrail birinci yerdədir. ABŞ-nin “Council on Foreign Relations” analitik mərkəzinin 2024-cü il 7 oktyabr tarixli hesabatına görə, inflyasiyaya uyğunlaşdırılmış rəqəmlərlə ümumi iqtisadi və hərbi yardım 310 milyard dollardan çoxdur.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatı göstərir ki, İsrailin əsas silah tədarükçüsü ABŞ-dir.

2019-2023-cü illər arasında İsrail konvensional silahlarının 69 faizini ABŞ-dən idxal edib. 2000-ci illərə qayıtdıqda, bu rəqəm 78 faizə çatır.

ABŞ İsrailə verdiyi yüksək səviyyəli hərbi məsləhətdən əlavə, “Dəmir Günbəz” üçün hava hücumundan müdafiə raketləri, kiçik miqyaslı təyyarə bombaları, idarə olunmayan bombaları dəqiq idarə olunan silahlara çevirən Birgə Birbaşa Hücum Sursatı (JDAM) dəstləri, CH-53 ağır yük helikopterləri, KC-46 havada yanacaq dolduran tankerləri, AH-64 “Apache” helikopterlərindən atıla bilən lazerlə idarə olunan “Hellfire” raketləri, 155 millimetrlik artilleriya mərmiləri, bunkeri dəlici sursat və zirehli vasitələr tədarük edir.

ABŞ və İsrail arasında 38 milyard dollarlıq 10 illik hərbi yardım müqaviləsi

2016-cı ildə ABŞ və İsrail arasında 33 milyard dolları xarici hərbi yardım və 5 milyard dolları raket əleyhinə müdafiə olmaqla, 2028-ci ilə qədər 38 milyard dollarlıq yardım ilə bağlı üçüncü 10 illik anlaşma memorandumu imzalanıb. Bundan əlavə, 2019-cu ildə imzalanan razılaşma ilə ABŞ hər il İsrailə təxminən 3,8 milyard dollar hərbi yardım edir. 2023-cü ilin oktyabrında ABŞ prezidenti Co Bayden Konqresi Qəzzada istifadə etmək üçün İsrailə təcili hərbi yardımı təsdiqləməyə çağırıb. Qanun layihəsi noyabrın 3-də Nümayəndələr Palatasında qəbul edilib.

2023-cü ilin noyabrında ABŞ Dövlət Departamenti İsrailin Qəzzada da istifadə etdiyi, “Spice” sinfinə məxsus olan, sərbəst düşən bombaları idarəolunan hala gətirən, 320 milyon dollar dəyərində olan dəstlərin satışını təsdiqləyib. 2023-cü ilin dekabrında Co Bayden administrasiyası 106 milyon dollar dəyərində 14 min ədəd M830A1 tank topu mərmisi və 147 milyon dollar dəyərində 155 millimetrlik top mərmisi hissələrinin İsrailə satışının Konqresin təsdiqini tələb etməyən təcili satış üsulu ilə təsdiqləndiyini açıqlayıb.

İsrailə hərbi yardım 22 milyard dolları ötür

İsrailə təcili hərbi yardım haqqında qanun layihəsi 2024-cü ilin fevralında Konqresdən keçib. Buna uyğun olaraq, 2025-ci ilin sentyabrına qədər İsrailə 14,1 milyard dollar yardım ayrılıb. Martın 30-da İsrailə 2,5 milyard dollarlıq silah göndərilməsinə icazə verən Bayden administrasiyası aprelin 24-də Təl-Əvivə təxminən 17 milyard dollarlıq hərbi yardımı ehtiva edən təhlükəsizlik paketini də imzalayıb.

ABŞ-nin İsrailə bölgədəki maliyyə dəstəyinin 4,86 milyard dollarlıq dəyəri hesablandıqda, xərclənən pulun 22,76 milyard dolları keçdiyi düşünülür. 2023-cü il oktyabrın 7-dən 2024-cü il sentyabrın 30-na qədər İsrailə edilən hərbi yardımın məbləği 17,9 milyard dollar olub.

“Brown” Univeritetinin “Watson” Beynəlxalq və İctimai Əlaqələr İnstitutu tərəfindən hazırlanan “İsrailin hərbi əməliyyatları və ABŞ-nin bölgədəki əlaqəli əməliyyatları üçün Birləşmiş Ştatların xərcləri 2023-cü il 7 oktyabr-2024-cü il 30 sentyabr” başlıqlı hesabata görə, sözügedən yardımın paylanması aşağıdakı kimidir:

Xarici hərbi maliyyələşdirmə üçün 2019-cu ildə əldə edilən razılaşmaya uyğun olaraq illik ayırma olan 3,8 milyard dollar və Baydenin aprel ayında imzaladığı 3 milyard dollarlıq təcili hərbi yardımın cəmi 6,8 milyard dollar, raket əleyhinə müdafiə üçün 4,5 milyard dollar, “Iron Beam” raketdən müdafiə sistemi üçün 1,2 milyard dollar, artilleriya mərmisi istehsalına dəstək üçün 1 milyard dollar və ABŞ ehtiyatlarından İsrailə verilən silahların tədarükü üçün 4,4 milyard dollar.

İsrailə ən azı 50 min ton silah və material göndərilib

ABŞ 2023-cü il oktyabrın 7-də İsrailin Qəzza istiqamətində hərbi əməliyyata başlamasından etibarən İsrailin Baş naziri Benyamin Netanyahu hökumətinə ən böyük dəstək verən ölkə olub. 2023-cü il dekabrın 25-nə qədər Bayden administrasiyası 244 yük təyyarəsi və 20 gəmi vasitəsilə 2,4 milyard dollar dəyərində 10 min tondan çox silah və hərbi material göndərib. Təkcə ilk 6 həftədə İsrailə 15 mindən çox bomba və 50 min artilleriya mərmisi çatıb.

Bu rəqəmlər 2024-cü ilin avqust ayına qədər 500 təyyarə və 107 gəmiyə çatıb. Bu vasitələrin gətirdiyi silah və materialların miqdarı 50 min tonu ötüb. Mətbuatda ilk tədarüklərdə göndərilən bombaların 1800 ədəddən çox 907 kiloqramlıq MK84, 500 ədəd 233 kiloqramlıq MK82 təyyarə bombası və AH-64 “Apache” helikopterlərindən buraxılan AGM-114 “Hellfire” idarəolunan raketləri olduğu məlumatı yer alıb. Məlumdur ki, xüsusilə MK84 bombaları Qəzzada dağıntıların ən böyük səbəblərindən biridir.

2023-cü il noyabrın 14-nə qədər 2 min ədəd təhvil verilən, ABŞ-nin “Lockheed Martin” şirkətinin istehsal etdiyi “Hellfire” raketləri Qəzzada geniş şəkildə tətbiq edilib. Bundan əlavə, açıqlanmayan sayda silah və sursat da ABŞ-dən İsraildəki Müttəfiq Müharibə Ehtiyatları (WRSA-I) kimi tanınan və İsraili dəstəkləyən anbarlara transfer edilib. Sözügedən tədarüklər şəffaf olmadığı və Konqresin məhdud nəzarəti ilə həyata keçirildiyi üçün tənqid edilib.

Silah tədarükü 2024-cü il ərzində yavaşlamayıb

Yanvarın sonunda İsrail mətbuatında ABŞ-nin İsrailə F-35 təyyarələri, “Apache” hücum helikopterləri, Pilotsuz Uçuş Aparatları (PUA) və minlərlə artilleriya mərmisi satacağı ilə bağlı xəbərlər yayılıb. Mart ayında ABŞ administrasiyası İsrailə 2,5 milyard dollar dəyərində 25 ədəd F-35 və təyyarə mühərrikinin satışına, 1800 ədəd MK-84 və 500 ədəd MK-82 idarə olunmayan bombasının göndərilməsinə icazə verdiyini açıqlayıb.

İsrail sifariş verdiyi “F-35I Adir” döyüş təyyarələrini, birgə “Dəmir Günbəz”, “Arrow” və “David's Sling” sistemləri kimi raketdən müdafiə proqramlarını maliyyələşdirmək üçün ABŞ-nin yardımlarından istifadə edib. 36-sı təhvil verilən 50 ədəd F-35I sifarişinə əlavə olaraq, iyunun 4-də ABŞ və İsrail arasında 25 ədədlik sifariş üçün 3 milyard dollarlıq müqavilə imzalanıb. Qeyd olunub ki, İsrail bu sifariş üçün öz büdcəsindən pul xərcləməyəcək və xərc ABŞ-nin yardımı ilə qarşılanacaq.

2023-cü ilin oktyabrından 2024-cü ilin martına qədər İsrailə 100-dən çox hərbi satış təsdiqi edildiyi, lakin onlardan yalnız 2-nin məxfilik çətiri altında ictimaiyyətə açıqlandığı iddia edilir.

ABŞ maliyyə yardımına əlavə olaraq İsrailə 20 milyard dollarlıq silah satışına icazə verib

ABŞ Dövlət Departamenti avqustun 9-da ABŞ istehsalı olan silah və hərbi təchizatın alınmasında istifadə edilmək üçün İsrailə əlavə 3,5 milyard dollar yardım göndərəcəyini açıqlayıb. ABŞ dövlət katibi Entoni Blinken də avqustun 13-də İsrailə 20 milyard dollarlıq silah satışı paketini təsdiqlədiyini açıqlayıb.

Sözügedən satış paketində təxminən 18,8 milyard dollar dəyərində 50 ədəd yeni F-15 reaktiv təyyarəsi və İsrailin inventarında olan 25 ədəd F-15I üçün təkmilləşdirmə dəstləri, 102 milyon dollar dəyərində 30 ədəd AIM-120 qabaqcıl orta mənzilli “hava-hava” raketi və JDAM dəstləri, 774 milyon dollar dəyərində tank topu mərmiləri, 61 milyon dollar dəyərində 50 min ədəd 120 millimetrlik minaatan mərmisi və 583 milyon dollar dəyərində naməlum sayda 8 tonluq hərbi yük maşınları yer alır.

Digər tərəfdən, mayın 7-8-də ABŞ mətbuatında Bayden administrasiyasının İstailin Qəzzada istifadə etdiyi bildirilən təxminən 6500 ədəd JDAM satışını təxirə saldığı, 900 kiloqramlıq 1800 və 225 kiloqramlıq 1700 ədəd bombadan ibarət olan tədarükün əhalinin sıx məskunlaşdığı bölgələrdə istifadə ediləcəyinə dair narahatlıqlar səbəbindən dayandırıldığı məlumatı yer alıb.

2023-cü il oktyabrın 7-dən etibarən tədarük edilən ABŞ silahları

2023-cü ilin oktyabr ayının sonunda İsrail ABŞ-nin “AeroVironment” şirkətindən “intihar PUA-sı” kimi istifadə etmək üçün 200 ədəd “gəzən sursat” (kamikadze PUA-sı) sistemi olan “Switchblade 600” satın almaqla bağlı tələb təqdim edib. 40 dəqiqədən çox havada qala bilən “Switchblade 600” 54,5 kiloqramlıq “Javelin” tank əleyhinə sursatının bazası əsasında hazırlanmış zirehdəlici döyüş başlığı ilə sığınacaqlarla yanaşı, zirehli vasitələrə qarşı da tətbiq edilə bilər.

PUA 80 kilometr mənzilə malikdir. İsrailin bu tələbinin nə qədərinin qarşılandığı isə hələlik məlum deyil. İsrail Qəzzadakı əməliyyatlarında personal daşınması üçün ABŞ-nin “AM General” şirkəti tərəfindən istehsal edilən Yüksək Mobil Çoxməqsədli Təkərli Vasitədən (HMMWV və ya “Humvee”) istifadə etməyə başlayıb.

Məlumdur ki, dekabrın 6-da “AM General” “Humvee”ləri yük təyyarələri ilə İsrailə göndərib. Uzunluğu 4,6 metr, eni 2,1 metr və hündürlüyü 1,8 metr olan zirehli vasitələrə pulemyotlar, tank əleyhinə və ya zenit silahları quraşdırıla bilər.

Birgə Yüngül Taktiki Vasitə

Digər tərəfdən, İsrail Müdafiə Nazirliyi ABŞ-nin başqa bir şirkəti “Oshkosh Defence”ə xarici hərbi satış vasitəsilə 75 ədəd, birbaşa kommersiya satışı yoluyla isə onlarla Birgə Yüngül Taktiki Vasitə (JLTV) sifarişi verib. Üzərinə götürəcəyi vəzifələrdən asılı olaraq müxtəlif modellərə sahib olan taktiki təkərli yüngül zirehli vasitənin elektrikli hibrid modeli də var. Təxminən 10 ton ağırlığında olan JLTV-nin uzunluğu 6,2 metr, eni 2,5 metr, hündürlüyü isə 2,6 metrdir.

ABŞ inventarındakı “Humvee”ləri JLTV-lərlə əvəz etməyi planlaşdırır. Şirkət istehsalın 2025-ci ilə qədər davam edəcəyi barədə məlumat paylaşıb. Mətbuatda 75 ədəd JLTV-dən bəzilərinin 2023-cü ilin noyabrında İsrailə təhvil verildiyi barədə məlumatlar var. Həmçinin mart ayında İsrail Müdafiə Nazirliyi JLTV-nin yeni partiyasının alınacağı barədə məlumat paylaşıb.

“Flyer 72 Be’eri”, “Namer 1500”, “Eitan” və “Sandcat”

ABŞ-nin “Flyer Defense” şirkəti 2023-cü il oktyabrın 19-da İsrailə rezin təkərli “Flyer 72 Be'eri” Zirehli Döyüş Vasitələrinin (ZDV) ilk tədarükünü həyata keçirib. Vasitə ABŞ Xüsusi Qüvvələr Komandanlığı tərəfindən də istifadə olunur. İsrail yanvar ayında sözügedən vasitədən əlavə 60 ədəd sifariş verib. Vasitə 2,5 ton yük və maksimum 9 hərbi qulluqçu daşıya bilir. 12,7 millimetrlik pulemyotlar və 30 millimetrlik top yüklənə bilən vasitəyə “Javelin” tank əleyhinə raket buraxılış qurğusu da quraşdırıla bilər. Vasitə yollarda 150, yolsuzluqda isə 100 kilometr/saat sürət yığa bilir.

Bundan əlavə, İsrail Qəzzada ilk dəfə istifadə etdiyi “Namer 1500” (Leopard) zirehli personal daşıyıcılarının ABŞ yardımı ilə maliyyələşdirilməsi üçün 2023-cü ilin fevral ayında “Oshkosh Defense” ilə müqavilə imzalayıb. “Namer”lərdə istifadə olunacaq 30 millimetrlik MK44 “Stretch” topları isə ABŞ-nin “Northrop Grumman” şirkəti tərəfindən istehsal olunur. 2023-cü il dekabrın 15-də “Northrop Grumman” ilə ABŞ-nin yardımından təmin ediləcək 8,9 milyon dollarlıq MK44 tədarükü üçün müqavilə imzalanıb.

Qəzzada istifadə edilən “Eitan” ZDV-ləri də ABŞ-nin “Oshkosh”, İsrailin “Elbit” və Almaniyanın MTU şirkətlərinin birgə istehsalıdır.

2023-cü il dekabrın 6-da ABŞ yük təyyarələri tərəfindən İsrailə təhvil verilən zirehli vasitələr arasında yer alan “SandCat” isə ABŞ-nin “Ford Motor” şirkətinin “Ford Super Duty” F-350 XL pikap yük maşınının İsrailin “Plasan” şirkəti tərəfindən zirehli hala gətirilməsi ilə istehsal edilir. Qəzzada çox yüksək itkilərə səbəb olan və təyyarə bombalarını idarəolunan hala gətirən JDAM dəstləri ABŞ-nin “Boeing” şirkəti tərəfindən istehsal olunur.

İsrailin mayın 26-da Rəfahda həyata keçirdiyi və ən azı 45 nəfərin öldüyü hava hücumunda ABŞ-nin “Woodward” şirkətinin istehsalı olan GBU-39 bombasından istifadə edilib.

İsraillilər şəxsi silahlarını da ABŞ-dan alıblar

İsrail 2023-cü ilin oktyabrından sonra ABŞ-nin silah şirkətlərindən 24 min tüfəng sifariş edib. Təxminən 18 min M4 və MK18 tüfəngindən ibarət olan sifarişin böyük bir hissəsi ABŞ-nin “Colt” şirkətinə yönəldilib. İsrail sözügedən silahların İordan çayının qərb sahilindəki yaşayış məntəqələrində xidmət etmək üçün yeni yaradılan mülki təhlükəsizlik qrupları tərəfindən istifadə ediləcəyini açıqlayıb. Mətbuatda 2023-cü ilin oktyabrından sonra mülki İsrail vətəndaşlarının şəxsi silahlanmasının eksponent olaraq artdığı bildirilib.

2023-cü il oktyabrın 7-dən sonra İsrail ABŞ-nin “Caterpillar” şirkətindən Qəzzada evlərinin sökülməsi də daxil olmaqla, bir çox fəaliyyətlərdə istifadə edildiyi bilinən D9 zirehli buldozeri sifariş edib. Sözügedən buldozerlər IAI tərəfindən riskli bölgələrdə uzaqdan idarə olunan, insansız istifadə edilə biləcək şəkildə modifikasiya edilir.

Robot itlər, raket buraxılış qurğuları və PUA-lar

ABŞ-nin “Ghost Robotics” şirkəti Qəzzada istifadə edilmək üçün İsrailin quru qüvvələrinə “Vision 60” (V60) robot itlərini təqdim edib. ABŞ-də bir çox fabrikləri olan “Nordic Ammunition Company” (Nammo) İsrailə də tədarük edilən, çiyindən buraxılan bunker dəlici tək istifadəlik M141 raketini istehsal edir. “Nammo” 2023-cü ilin oktyabr ayının sonuna qədər sifariş edilən 3 min raketdən 1800-nü təhvil verib. Çəkisi 7,1 kiloqram olan və 83 millimetrlik raketləri vura bilən silahın uzunluğu 81 santimetrdir. M141 sığınacaqları məhv etmək üçün 1000 metr mənzildə tətbiq olunur.

“Northrop Grumman” İsrail Hərbi Hava Qüvvələrinin inventarındakı “Apache” hücum helikopterləri üçün “Longbow” raket yönləndirmə sistemləri və döyüş təyyarələri üçün lazer yönləndirmə sistemləri istehsal edir. Sözügedən şirkət həm də İsrailin Qəzzada istifadə etdiyi “Saar 5” korvetlərinin tədarükçüsüdür. ABŞ-nin “Shield AI” şirkəti İsrailin Qəzzada binalar daxilində münaqişələrdə istifadə etdiyi “Nova 2” qapalı məkan PUA-larını istehsal edir.

“Skydio” şirkəti İsrail ordusuna 100 ədəd qısa mənzilli kəşfiyyat PUA-sı verib. Bu PUA-lar binaların 3D daramalarını həyata keçirə bilir. Bundan əlavə, “Valero Energy Corporation” ABŞ yardımı hesabına İsrailə təyyarə yanacağı ilə dolu tanker gəmiləri göndərib. ABŞ-nin proqram təminatı şirkətlərinin təhlükəsizlik və üz tanıma proqramlarından (“Google Photos” və “Corsight AI”) HƏMAS üzvlərinə qarşı istifadə olunur.

Digər tərəfdən, ABŞ-nin verdiyi dəstəyin bir hissəsinin mətbuatda əks olunmadığı, İsrailə gözlə görünəndən çox daha ciddi hərbi dəstək verilməyə davam etdiyi qiymətləndirilir.

ABŞ-nin bölgədəki döyüş gəmiləri və THAAD sistemi

2023-cü il oktyabrın 7-dən sonrakı dövrdə ABŞ İsrailə dəstək üçün bölgəyə aviadaşıyıcı gəmi, esmines, desant gəmisi və sualtı qayıqlar göndərib. ABŞ oktyabrın 8-də USS “Gerald R. Ford” aviadaşıyıcı gəmisini Şərqi Aralıq dənizinə göndərib. Sözügedən gəmi 76 günlük missiyadan sonra 2024-cü ilin yanvarında ABŞ-yə qayıdıb. Regionda olan USS “Theodore Roosevelt” aviadaşıyıcı gəmisi sentyabr ayında geri qayıdıb.

ABŞ-nin Yaxın Şərqdəki 34 min hərbi qulluqçusunun sayı 2023-cü ilin oktyabrından sonra gələn əlavə gəmilərlə bəzən 50 minə yaxınlaşıb, hazırda isə 40 min civarındadır. Hazırda ABŞ İsraili dəstəkləmək üçün Aralıq dənizində 3-ü esmines olmaqla, 6 gəmi, Qırmızı dənizdə 2 esmines və 1 sualtı qayıq, İran körfəzində isə 1 aviadaşıyıcı gəmi və 3 esmines saxlayır.

Bundan əlavə, ABŞ İrandan gələ biləcək raket təhlükəsinə qarşı İsrailə Ərazinin Yüksək Hündürlükdə Havadan Müdafiəsi (THAAD) sistemi göndərib. Sözügedən raketdən müdafiə sistemini formalaşdıran batareya və ekipaj oktyabrın 15-də İsrailə yerləşdirilib.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İsrail  


Bizi "telegram"da izləyin